İngiltərə klubunda yeni hücumçu
    • 21-01-2023, 22:32
    • 246

İngiltərə klubunda yeni hücumçu

İngiltərənin “Nottingem Forest” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

News24.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Yeni Zelandiya millisinin və “Nyukasl”ın hücumçusu Kris Vudu heyətinə qatıb.

31 yaşlı forvard mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb.

Kris Vud “Nyukasl”a 2022-ci ilin yanvar ayında 30 milyon avro qarşılığında transfer olunsa da, bu komandanın heyətində 39 oyuna cəmi 5 qol vurub. Hücumçu daha öncə “Bernli”, “Lids”, “İpsviç Taun”, “Lester Siti”, “Miluol”, “Bristol Siti”, “Birmingem Siti”, “Brayton”, “Barnsli”, “Vest Bromviç”, “Vaykato” kimi klublarda da oynayıb. O, Yeni Zelandiya milli komandasında meydana çıxdığı 70 oyunda 33 qola imza atıb.

“Nottingem Forest” yarımmüdafiəçisi Coş Bouleri isə “Blekpul”a icarəyə verib. Bu kluba 2022-ci ilin sentyabrında məhz “Blekpul”dan transfer olunan 23 yaşlı vinger dərhal Yunanıstanın “Olimpiakos” komandasına icarəyə verilmişdi. Lakin yunanlar qış fasiləsində onunla yolları ayırmağa qərar veriblər. Bouler də icarə əsasında sabiq klubu “Blekpul”a qayıtmağa qərar verib. O, “Olimpiakos”da cəmi 7 oyun keçirib.