-
- 1-02-2023, 15:39
- 322
Metro və avtobuslarda qiymətlər niyə bahalaşdı? - Aslan Əsədov AÇIQLADI
"Qiymət artımı heç vaxt vətəndaşlar tərəfindən müsbət qarşılanmır. Vətəndaşları keyfiyyətdən daha çox qiymət məsələsi narahat edir. Metro çöxyönümlü nəqliyyat vasitəsidir. Qiymətlərin artması o demək deyil ki, bütün insanlar taksilərə axışacaq".
Bunu News24.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib.
O, sözlərinə belə davam edib: "Biz metronun və taksilərin hərəkət trayektoriyasına baxsaq, görərik ki, arada kifayət qədər məsafə fərqi var. Hesab edirəm ki, metro yenə də öz aktuallığını qoruyub saxlayacaq. Ancaq avtobuslarla bağlı daim yenilənmələr getməlidir. Bu proses niyəsə ləngiyir.
Şirkətlər ehtiyat hissələrinin baha olmasını qiymət artımına əsas gətirirlər. Bu fikirlə razıyam. Hətta ikinci əl ehtiyat hissələri də yenilərin qiymətinə yaxınlaşır.
Metroda görülən işlər və dövlətin bu sahəyə ayırdığı dotasiyalar kifayət qədər iri məbləğlərdir. Amma yeni stansiyalarının tikilişi, avadanlıqların hazırlanması, təmiri və s. səbəblər maddi ehtiyac tələb edir.
Ümid edirəm ki, gələcəkdə belə hallar olmayacaq. Çünki işğaldan azad edilən ərazilərimizdə görüləcək işlər var. Dövlət bu sahəyə investisiya qoymaqda daha israrlıdır. Zənnimcə, yaxın aylarda Qarabağ iqtisadi zonası özü öz gəlirlərini kompensasiya edəcək, dövlətə yük çox düşməyəcək".