Mahmudovun generallarının taleyi: Biri azadlığa çıxa, digəri uzunmüddətli həbsə gedə bilər
    • 2-02-2023, 16:29
    • 295

Mahmudovun generallarının taleyi: Biri azadlığa çıxa, digəri uzunmüddətli həbsə gedə bilər

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov generallarından birini uzun müddətli həbsdən xilas edə bilsə də, digəri ilə bağlı bu təhlükə hələ qalır. Söhbət MTN-nin Hərbi Əks-Kəşfiyat İdarəsinin keçmiş rəisi, general Nizami Şirinovla İstintaq Baş İdarəsinin rəisi, general Mövlam Şıxəliyevdən gedir. 

News24.az qaynarinfo-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi Nizami Şirinovun cəzasını azaldıb. Mövlam Şıxəliyevin işi isə hələ apellyasiya mərhələsindədir. 

Məlumatlara görə, Nizami Şirinovun cəzasının azaldılması onun dəymiş zərəri ödəməsi ilə bağlıdır. Məhkəmə məhz bu amili nəzərə alaraq onun cəzasını azaldıb. 


Nizami Şirinov

Nizami Şirinov Cinayət Məcəlləsinin 182.3.2 (ağırlaşdırıcı hallarda hədə-qorxu ilə tələb etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma) və digər maddələri ilə təqsirli bilinərək 8 il azadlıqdan məhrum edilmişdi. Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahim İbrahimli onun cəzasını 6 ilə endirib. Bəzi iddialara görə, Nizami Şirinov Ali Məhkəməyə kassasiya şikayəti verməyə hazırlaşır. Bildirilir ki, bu mərhələdə onun cəzası bir neçə il də azaldıla və qısa müddətdə azadlığa çıxması təmin edilə bilər. 

Mövlam Şıxəliyevin apellyasiya şikayətinə isə hakim İlqar Murğuzovun sədrliyi ilə baxılır. Şıxəliyev birinci instansiyanın hökmü ilə razılaşmayaraq, barəsində bəraətverici hökm çıxarılmasını tələb edir. 



Mövlam Şıxəliyev

Artıq iş üzrə bir neçə proses keçirilib. Müşahidələr göstərir ki, Mövlam Şıxəliyev məhkəmənin gedişindən narazıdır. Ötən proseslərdə Mövlam Şıxəliyevlə birgə mühakimə olunan MTN polkovniki Yasin Məmmədovun onu ittiham etməsi, daha sonra onlar arasında davanın olması barədə iddialar göstərir ki, generalın tutduğu mövqe onun ortaqlarının da maraqlarına cavab vermir. Yasin Məmmədov birinci instansiya məhkəməsi zamanı azadlıqda idi. Zərərçəkənlər onu Eldar Mahmudovun məhkəmədəki gözü hesab edirdilər. Bu iddialar doğrudursa, o zaman Yasin Məmmədovun Mövlam Şıxəliyevə qarşı çıxması Eldar Mahmudovun əlini onun üzərindən götürmək anlamına gələ bilər. 

Vəziyyətin bu həddə çatması isə Mövlam Şıxəliyevin zərərəçəkənlərə vurulan ziyanı ödəmək istəməməsidir. Onunla birgə mühakimə olunanlar isə hesab edir ki, zərər ödənərsə, məhkəmə bunu nəzərə alacaq. Ən azı ortada Nizami Şirinov nümunəsi var. Görünür, Eldar Mahmudov da Mövlam Şıxəliyevi zərəri ödəməyə razı sala bilməyib. Bu baxımdan, onunla birgə mühakimə olunanlar Yasin Məmmədovun timsalında üsyan qaldırıblar. 


Yasin Məmmədov

Beləliklə, müşahidələr göstərir ki, proses bu cür davam edəcəyi təqdirdə Mövlam Şıxəliyev Nizami Şirinovdan fərqli olaraq uzun müddətli həbsə gedəcək.

Xatırladaq ki, Mövlam Şıxəliyev Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə təqsirli bilinərək Bakı Hərbi Məhkəməsinin hakimi Elbəyi Allahverdiyevin hökmü ilə 12 il azadlıqdan məhrum edilib.