Azərbaycanda plastik kartoflar SATILIR — Məhsulu yoxlamaq üçün niyə laboratoriya YOXDUR?
    • 4-02-2023, 11:15
    • 233

Azərbaycanda plastik kartoflar SATILIR — Məhsulu yoxlamaq üçün niyə laboratoriya YOXDUR?

Azərbaycan bazarında plastik kartofların olduğu barədə məlumatlar dolaşır. Saxta kartofların təbii üsullarla yetişdirilmişlərlə qarışdırılaraq satışa çıxarıldığı iddia olunur. Hansı ki, bu da insan orqanizmində ciddi xəstəliklərə səbəb olur. 

Qeyd edək ki, hazırda bazarda yerli məhsullarla yanaşı, Rusiya, Türkiyə, İran, Pakistandan gətirlmiş kartoflar da satılır. Xarici ölkələrdən gətirilən kartof yerli malla müqayisədə nisbətən ucuz qiymətə satılsa da, keyfiyyətlilik dərəcəsinin şübhə altında olduğu müzakirə mövzusuna çevrilib. 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azad istehlakçılar İctimai Birliyinin rəhbəri Eyyub Hüseynov Azərbaycan bazarında plastikə oxşar məhsulların olduğunu təsdiqləyib.

O, hətta belə məhsulların şahidi olduğunu da deyib:

“Birliyimizə plastik yumurta gətirmişdilər. Araşdırma apardıq, məlum oldu ki, plastik yumurta quşu yemləyən zaman qidanın təsirindən baş verib. O ki qaldı kartofa, bu məhsulun çoxsaylı növləri var. Artıq 20 ilə yaxındır ki, Azərbaycanda, xüsusən Gədəbəy zonasında kolorido böçəklərinə davamlı kartof becərilir. Belə kartoflar genetik modifikasiya olunmuş məhsullardır. Kolorido böcəkləri belə kartofları yeyə bilmir və ondan uzaq qalır. Eyni zamanda məhsuldarlıq çox olur”. 

Eyyub Hüseynov qeyd edib ki, Azərbaycanda satışda olan kartofların hamısı təhlükəli deyil, sadəcə keyfiyyət nöqteyi- nəzərdən fərqlidir:

“Çoxsaylı kartof növlərindən bişiriləndə ayrı-ayrı dad verir və fərqli yumşaqlığa malik olur. Bu kartoflar isə əhalini şübhəyə salır. Bəzən əhali bu növləri plastik kartof zənn edir və haqlıdır. İllər uzunu deyirik ki, İranda genetik modifikasiya olunmuş bitkilər yetişdirilir. Hətta müəyyənləşdirmişdik ki, İrandan genetik modifikasiya olunmuş kartoflar gətirilir.

İran yenə də bu işlərlə məşğul olur. Baxmayaraq ki, ölkəyə genetik modifikasiya olunmuş toxumların və ərzaq məhsullarının gətirilməsi qadağandır.

İstənilən halda, təhlükəli kartof və digər məhsulların tərkibini yoxlamaq üçün ciddi  laboratoriyalar lazımdır.

Azərbaycanda bu sahədə işləyən  laboratoriyalar  isə effektli deyil. Ölkənin əmtəə bazarında tərkibi təəhlükəli olan kartofların olması istisna olunmur. Bu cür kartoflar insan orqanizmində təhlükəli xəstəliklər yarada bilər”.