“Dedi ki, DTX-nın 3-cü şəxsiyəm” - Pərvinin cinayət işi
    • 6-02-2023, 13:13
    • 257

“Dedi ki, DTX-nın 3-cü şəxsiyəm” - Pərvinin cinayət işi

Ağdaşda özünü DTX əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxsə cinayət işi açılıb. 

News24.az-ın əldə etdiyi məlumata görə, Ağdaş şəhər sakini T.İsmiyev 1987-ci il təvəllüdlü Pərvin Əliyevin onu aldadaraq 7500 manat pul aldığını bildirib. Ağdaşda maklerlik fəaliyyəti göstərən T.İsmiyev bildirib ki, Pərvini onun evini satmaq istəyərkən tanıyıb. Daha sonra Pərvin onun oğlu Nurlanın Dövlət Sərhəd Xidmətində işləməsini bilib və oğlunu DSX-dən Dövlət Təhlükəsizliyi Xidmətinə keçirməyi təklif edib. T.İsmiyev Pərvinin təklifi ilə razılaşıb və onun işi düzəltmək üçün 7500 manatı hissə-hissə verib. Lakin Pərvin Əliyev verdiyi vədə əməl etməyib, həmçinin aldığı pulları geri qaytarmayıb.

Bundan sonra P.Əliyev barəsində Cinayət Məcəlləsinin 178 və 312-ci (dələduzluq və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə iş açılıb. İbtidai istintaqdan sonra cinayət işinin materialları Ağdaş Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə zərərçəkən şəxs hadisə barədə bunları deyib: “Mən Ağdaşda ev alqı-satıqısı və kirayə verilməsi ilə məşğul oluram. 2021-ci ilin yanvar ayında Ağdaş şəhər sakini kimi tanıdığım Pərvin mənə yaxınlaşaraq evini satmaq istədiyini bildirdi. Ona evini satmaqda kömək edəcəyimi dedim. Onunla səhəri gün yenidən görüşməyi planlaşdırıb sağollaşdıq. Növbəti gün Ağdaş şəhərinin Padar küçəsində Pərvinlə görüşdük. Lakin o, daha evini satmadığını bildirdi. Həmin vaxt Pərvindən harada işlədiyini soruşdum. O isə cavabında bildirdi ki, “DTX-nın rəisinin şəxsi ailə sürücüsüdür. Əlavə də elədi ki, "DTX-də 3–cü adamdır, “nə lazım olsa qulluğundayam” dedi. Pərvinə oğlum Nurlanın DSX-də işlədiyini dedim. Pərvin isə “istəyirsən eyim, onu təmənnasız DTX-yə gətirsinlər, sən mənə uşaqlıqda çox yaxşılıq eləmisən, mən də istəyirəm sənin əlindən tutum” dedi.

Mən Pərvini illər əvvəldən tanıyırdım. O, bir zamanlar mənim çalışdığım yerin yaxınlığında mebel sexində işləyirdi. O zaman kafedə ona dəfələrlə yemək almışam, pul vermişəm. Həmin söhbətdən təxminən 4-5 ay keçdikdən sonra 2021-ci ilin iyun ayında Pərvinə zəng edib söz verdiyi kimi, Nurlanı DTX-yə keçməsini xahiş elədim. O isə ona cavabında bildirdir ki, “narahat olma bütün sənədlər hazırdır, şöbədən sorğu gedib. Əvvəlcə Kəlbəcər rayonunda işləyər, sonra da,  danışmışam, Ağdaşa gətirərik. Amma bunun üçün bəzi həmin şöbələrin rəislərinə pul verməlidir. Nə qədər pul lazım olduğunu soruşanda 7500 manat dedi”.

Dələduzluqla üzləşən iş adamı pulunu geri ala bilmədiyini görərək hüquq-mühafizə orqanlarına müraciət edib. Cinayət işinin materiallarına Ağdaş rayon Məhkəməsində baxılıb.

Məlum olub ki, cinayət işi açılandan sonra Pərvin aldığı pulları geri qaytarıb. T.İsmiyev də məhkəməyə müraciət edərək Pərvinlə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirib.

Ağdaş rayon Məhkəməsində hakim Cavid Sultanovun sədrliyi ilə keçirilən məhkəmə prosesi bir neçə gün əvvəl başa çatıb. Məhkəmə tərəflərin barışmasını, Pərvinin ev dustaqlığnda qaldığı müddəti nəzərə alaraq ona 2 il 9 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verib. Pərvin Əliyevin üzərinə elektron nəzarət qurğusu yerləşdirilib və yaşayış yerini tərk etməmək tələbi qoyulub.

Taleh BAĞIROV