Azərbaycanda dayını öldürüb bacısı oğlunu ölümcül edən gəncə bu cəza verildi
    • 21-02-2023, 12:26
    • 275

Azərbaycanda dayını öldürüb bacısı oğlunu ölümcül edən gəncə bu cəza verildi

Şəki Ağır Cinayətlər Məhkəməsində ötən ilin fevralında İsmayıllının Kürdmaşı kəndində Elşad Fərzəliyevi daşla vuraraq qətlə yetirən 1995-ci il təvəllüdlü Qədir Qədirlinin məhkəməsi keçirilib. 

News24.az-ın etdiyi məlumata görə, E.Fərzəliyevin başına daşla vuraraq öldürən, onun bacısı oğlu Vüsalı isə ölümcül hala salan Q.Qədirliyə 10 il 6 ay müddətinə həbs cəzası verilib.

Hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Q.Qədirli Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma – ölümlə nəticələndikdə) maddəsi ilə təqsirli bilinib.
 
Qeyd edək ki, bir müddət əvvəl Vüsalın anası, mərhum Elşad Fərzəliyevin bacısı Elza Salmanova hadisə ilə bağlı mətbuata müraciət edib. O, bildirib ki, hadisə nəticəsində qardaşının ölümü ilə yanaşı oğlu Vüsal Salmanov da ağır xəsarət alıb: “Qardaşım Elşad və oğlum Vüsal fevralın 28-də səhər saatlarında birlikdə İsmayıllı rayonunun Kürdmaşı kəndinə polkovnik rütbəli şəxsin mənzilində kombi istilik sistemi quraşdırmaq üçün getdilər. Elə həmin gün axşam saat 19:00 radələrində eşitdik ki, onlar qəza keçirib və koma vəziyyətində İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Amma elə həmin gecə qardaşımın vəziyyəti ağır olduğu üçün onu Bakıya - Kliniki Tibbi Mərkəzə apardılar. 1 gün sonra isə oğlum aparıldı. Qardaşım 9 gün orada koma vəziyyətdə qalandan sonra vəfat etdi. Oğlum isə yavaş-yavaş özünə gəldi”.

Şikayətçi bildirir ki, məhz oğlunun şüuru özünə gələndən sonra baş verənləri danışıb və məlum olub ki, bu qəza deyil, qəsdən törədilmiş cinayətdir:
“Polkovnikin evində iş görərkən oğlum və qardaşımdan əlavə iki nəfər də olub. Pərvin və Qədir Qədirli adlı şəxslər. Orada onlar arasında mübahisə yaşanıb. Mübahisəyə səbəb isə nahar edərkən qardaşım və oğlumun onlarla içki içməməsi olub. Elşadla Vüsal Qədiri içkili görüb mübahisəyə davam etməyiblər. Amma Qədir kənddən olan bir şəhidi təhqir edəndə Vüsal dözməyib. İşi bitirib evə gedəndə Qədir deyib ki, onu da evinə aparsınlar. Qardaşımgili onu da maşına mindiriblər. Lakin maşın hərəkətdə olarkən Qədir əyləci sıxaraq hərəkətə mane olub. Bundan sonra qardaşım maşını saxlayıb və ona deyib ki, maşından düşsün. O da maşından düşüb qardaşımı itələyərək yerə yıxıb. Bundan sonra Vüsal da maşından düşüb dayısına kömək etmək istəyəndə Qədir onun başına daşla vurub. Qardaşım onun səmtinə əyiləndə Qədir küt alətlə başının arxa nahiyəsindən və bədəninin müxtəlif yerlərindən ağır xəsarətlər yetirib”.

Taleh BAĞIROV