FHN-də “Heydər Əliyev İli”nə həsr olunmuş tədbirlər keçirilib
    • 22-02-2023, 12:29
    • 270

FHN-də “Heydər Əliyev İli”nə həsr olunmuş tədbirlər keçirilib

Fövqəladə Hallar Nazirliyinin qurumları və regional mərkəzlərində “Heydər Əliyev İli”nə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Nazirlikdən News24.az-a verilən məlumata görə, FHN-in Mülki müdafiə qoşunlarında “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur”, Cənub Regional Mərkəzi tərəfindən “Heydər Əliyev irsinin təbliği” mövzularına həsr olunan tədbirlər keçirilib, Aviasiya dəstəsində “Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar fotostend və bədii kitablardan ibarət sərgi” təşkil olunub, FHN-in Akademiyasında Nazirliyin strukturuna daxil olan qurumlar arasında “Yanğın-xilasetmə idmanı” üzrə təlimin nəzəri hissəsi reallaşdırılıb, Əsaslı Tikinti idarəsinin və Şimal Regional Mərkəzinin əməkdaşları isə ağacəkmə aksiyası keçiriblər.

Tədbirlərdə çıxış edənlər 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamın əhəmiyyətinə toxunaraq, qeyd ediblər ki, ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkəmizin beynəlxalq aləmdə nüfuzunu qaldırıb, onun hərtərəfli inkişafına nail olub, müstəqilliyini dönməz və əbədi edib. Müstəqil Azərbaycan Respublikası Heydər Əliyevin şah əsəridir. Ulu Öndərin son dərəcə zəngin həyat və fəaliyyəti xalqa və dövlətə sədaqətlə xidmət etməyin bariz nümunəsidir. Bütün həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi əbədilik qazanıb. Müstəqil Azərbaycanın təkcə region ölkələri ilə deyil, həm də dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı münasibətlərinin qurulması strategiyasını işləyib hazırlayan Ulu Öndər ölkəmizin aparıcı rol oynadığı regional və beynəlxalq layihələrin təməlini qoyub.

Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə bu gün müstəqil Azərbaycanın ən qüdrətli dövrünü yaşadığını bildirən natiqlər, həyata keçirilən çoxşaxəli islahatlar, uğurlu daxili və xarici siyasət sayəsində regional güc mərkəzi kimi strateji hədəflərə doğru sürətlə irəliləyən ölkəmizin daha böyük qələbələrə imza atacağına əminliklərini ifadə ediblər.