1850 il əvvəl yoxa çıxan şəhər tapıldı
Dünya
Avstriyanın Aşağı Avstriya əyalətində, Sankt-Pantaleon-Erla yaxınlığında təxminən 1850 il əvvəl tərk edilmiş Roma şəhərinin qalıqları aşkarlanıb.
News24.az xəbər verir ki, “National Geographic”in məlumatına görə, Dunay çayının yaxınlığında aparılan araşdırmalar zamanı qədim şəhərin küçə şəbəkəsi, geniş qəbiristanlıqları və təxminən 8 min tamaşaçı tutan amfiteatrı üzə çıxarılıb.
Alimlərin fikrincə, yaşayış məntəqəsi əvvəlcədən planlaşdırılıb və dövrün digər Roma şəhərləri ilə müqayisədə kifayət qədər böyük olub. Ərazinin strateji əhəmiyyətinin Dunay üzərindəki keçid və Roma ərazilərini imperiyadan kənardakı bölgələrlə birləşdirən ticarət yolu ilə bağlı olduğu ehtimal edilir.
Məlumata görə, şəhərin əsası təxminən eramızın 80-ci ilində qoyulub, 180-ci illərdə isə yaşayış məntəqəsi planlı şəkildə tərk edilib. Onun dağıdıldığına dair hər hansı sübut aşkarlanmayıb.
Şəhərin dəqiq adı məlum deyil. Tədqiqatçılar onun II əsr coğrafiyaşünası Klavdi Ptolemeyin əsərlərində adı çəkilən Klaudivium şəhəri ola biləcəyini ehtimal edirlər. Ptolemeyin göstərdiyi koordinatların və şəhərin coğrafi təsvirinin aşkarlanan ərazi ilə uyğun gəldiyi bildirilir.