ABŞ İranla bağlı hərəkətə keçdi: Atəşkəs pozuldu, yeni plan açıqlandı
Dünya
Iranla ABŞ arasında atəşkəsin elan olunduğu açıqlandıqdan sonra hücum xəbərlərinin yayılması narahatlıq doğurub. Son 24 saat ərzində atəşkəs bir neçə dəfə pozulub. Həm beynəlxalq, həm də yerli ekspertlər artıq razılaşmanın davamlı olmayacağı barədə fikirlər səsləndirirlər. Məsələ sülhə doğru addımdır, yoxsa tərəflərə vaxt qazandırmaq məqsədilə əldə olunan qısa müddətli razılaşma, hələlik aydın deyil.
Məsələ ilə bağlı News24.az-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, hazırda atəşkəs ətrafında yaranmış vəziyyət kifayət qədər ziddiyyətli və qeyri-müəyyəndir. Onun sözlərinə görə, ABŞ və İran tərəfindən səsləndirilən açıqlamalar bir-birini təkzib edir:
“ABŞ iddia edir ki, İran Vaşinqtonun irəli sürdüyü 15 bəndlik şərtləri qəbul edib və nüvə proqramı ilə bağlı məsələ həll olunub. Rəsmi Tehranın mövqeyi isə tamamilə fərqlidir. İran mənbələri bildirir ki, əksinə, ABŞ İran tərəfindən təqdim olunan və Donald Tramp tərəfindən də təsdiqləndiyi iddia edilən 10 bəndlik şərtləri qəbul edib. Bu isə o deməkdir ki, əgər bu iddialar doğrudursa, tərəflərdən biri digərinin mövqeyini faktiki olaraq qəbul etmiş sayılır”.
Politoloq qeyd edib ki, İranın irəli sürdüyü şərtlər sırasında Hörmüz boğazı üzərində hüquqların tanınması və uranın zənginləşdirilməsi məsələsində Tehranın mövqeyinin qəbul edilməsi kimi məqamlar var ki, bunlar ABŞ-ın əvvəlki yanaşmaları ilə ziddiyyət təşkil edir:
“Əgər ABŞ həqiqətən bu şərtlərlə razılaşıbsa, bu, tərəflər arasında ciddi uyğunsuzluğun mövcud olduğunu göstərir. Ümumilikdə mövcud vəziyyət olduqca qarışıqdır və tərəflərin səsləndirdiyi bir çox iddialar öz təsdiqini tapmır. Əvvəlcə Livana zərbə endirilməsinin yolverilməzliyi ilə bağlı anlaşmanın olduğu bildirilirdi. Daha sonra ABŞ Livanın bu razılaşmaya daxil olmadığını açıqladı. Bu isə vəziyyətin nə qədər qeyri-müəyyən olduğunu göstərir”.
Elçin Xalidbəyli vurğulayıb ki, cəmi 14 günlük atəşkəs elan olunması da risklərin yüksək olaraq qaldığını göstərir:
“Artıq atəşkəsin elanından 24 saat belə keçməmiş tərəflər bir-birini onu pozmaqda ittiham edir. Bu isə onu deməyə əsas verir ki, atəşkəs göstərilən müddətdən daha tez də sona çata bilər və hərbi əməliyyatlar yenidən başlaya bilər. Hər iki tərəfin fərqli – biri 15, digəri isə 10 bənddən ibarət şərtlər paketi var və bu şərtlər bir-birinin maraqları ilə kəskin ziddiyyət təşkil edir. Bu səbəbdən onların vahid sülh sazişində birləşdirilməsi asan deyil. Ümumilikdə, ABŞ və İran arasında real anlaşma ehtimalı hazırkı mərhələdə o qədər də yüksək deyil”.