ABŞ senatoru İrana qarşı müharibədə məğlub olduqlarını elan etdi
Dünya
ABŞ-nin tanınmış Demokrat senatoru Kris Merfi rəsmi Vaşinqtonun Yaxın Şərqdə İrana qarşı apardığı hərbi və siyasi kampaniyanın uğursuzluğa düçar olduğunu bəyan edib.
News24.az xəbər verir ki, senator mövcud vəziyyəti ABŞ üçün böyük bir məğlubiyyət kimi qiymətləndirib.
Kris Merfi bu qalmaqallı fikirləri Prezident Donald Trampın Konqresdəki ənənəvi “Birliyin vəziyyəti” çıxışına reaksiya olaraq səsləndirib. Senator Trampın İrana diz çökdürülməsi ilə bağlı bəyanatlarını "reallıqdan uzaq" və "şəxsi təsəvvürlərə əsaslanan xəyallar" adlandırıb.
Merfi vurğulayıb ki, ABŞ-nin tətbiq etdiyi sanksiyalar və hərbi təzyiqlər gözlənilən nəticəni verməyib. Onun sözlərinə görə, Ağ Ev İranın raket texnologiyasını, geniş yayılmış pilotsuz uçuş aparatları (PUA) şəbəkəsini və nüvə proqramını tamamilə məhv etmək imkanına malik deyil: "Əgər İran Hörmüz boğazı üzərində mütləq nəzarəti ələ keçirsə, bu, regionda bütün oyun qaydalarını Tehrannın xeyrinə dəyişəcək".