Şagirdinə qarşı əxlaqsız hərəkət edən qadın müəllim həbs olundu - ABŞ-də
Dünya
ABŞ-də qadın müəllim 13 yaşlı şagirdə qarşı cinsi zorakılıq törətməkdə və baş verənləri videoya çəkməkdə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilib.
News24.az xəbər verir ki, bu barədə “Nyu-York Post” yazıb.
Məlumata görə, Vaşinqton ştatının Vorden şəhərindən olan 26 yaşlı Andrea Li Kampos-Ernandes 2021-ci ilin fevralından 2022-ci ilin iyulunadək yeniyetmə ilə dəfələrlə cinsi əlaqədə olub, eyni zamanda onunla görüşlərini videoya çəkib və azyaşlıya açıq-saçıq fotolar göndərib. Yeniyetmənin yaxınlarının sözlərinə görə, qadın onu manipulyasiya etmək üçün hədiyyələr də alıb.
Yeniyetmənin ailəsi vəziyyətdən şübhələnərək müəllimdən onunla əlaqəni kəsməsini istəyib. Daha sonra polisə müraciət edilib.
Hadisədən sinif yoldaşları və idman komandasındakı dostları xəbər tutduqdan sonra məktəbli dedi-qoduların və tənqidlərin hədəfinə çevrilib, insanlarla ünsiyyətdən qaçmağa başlayıb.
Məhkəmə iclasında yeniyetmənin anası oğlunun gecələr ağladığını bildirib.
Yeniyetmə isə müəlliminə onun heç vaxt geri qaytara bilməyəcəyi uşaqlığının bir hissəsini əlindən aldığını deyib.
Kampos-Ernandes təqsirini etiraf edib və məhkəmənin qərarı ilə 15 il müddətinə həbs cəzasına məhkum olunub.