Aİ Ermənistana 50 milyon avro maliyyə yardımının ayrılmasını təxirə saldı

Aİ Ermənistana 50 milyon avro maliyyə yardımının ayrılmasını təxirə saldı Dünya

Avropa İttifaqı Ermənistana ayrılması nəzərdə tutulan 50 milyon avro maliyyə yardımını parlament seçkiləri ərəfəsində təxirə salıb.

News24.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri mənbələrə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, bu vəsait hibrid təhdidlər və dezinformasiya ilə mübarizə üçün nəzərdə tutulub.

Ermənistanın baş naziri Nikol Paşinyan xarici işlər naziri Ararat Mirzoyana Brüssel şəhərində Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas ilə görüşdə vəsaitin köçürülmə şərtlərini dəqiqləşdirməyi tapşırıb.

Qəzet qeyd edib ki, Kallas yardımın təxirə salınmasının səbəbini Aİ öhdəliklərinin icrasında prioritetin Ukraynaya verilməsi ilə izah edib. Bildirilib ki, bu məsələnin həlli üçün bütün səylər göstəriləcək.

Bu cavab Paşinyanın narazılığına səbəb olub. Mənbə onun sözlərini belə sitat gətirib: “Hazırda bu pullar bizə Ukraynadan daha çox lazımdır. Bu 50 milyon avro Ukraynada vəziyyəti dəyişməyəcək, amma bizə çox lazımdır”.