Arktikada hərbi gərginlik: Almaniya Qrenlandiyaya qoşun göndərir
Dünya
Almaniya artıq bu həftə Qrenlandiyaya ilk hərbi kontingentini göndərə bilər.
News24.az xəbər verir ki, “BILD” nəşrinin Almaniya və Skandinaviya ölkələrindəki mənbələrinin bildirdiyinə görə, söhbət Bundesverin kiçik həcmli öncü dəstəsindən gedir. Göndəriş yanvarın 15-də baş tuta bilər.
Formal olaraq Qrenlandiyada hərbi mövcudluğun genişləndirilməsi Avropa NATO ölkələrinin təşəbbüsü kimi təqdim olunur. Lakin “BILD”in məlumatına əsasən, proses NATO strukturları vasitəsilə deyil, birbaşa Kopenhagen üzərindən koordinasiya edilir. Bunun səbəbi missiyanın ABŞ-nin iştirakı olmadan həyata keçirilmək istənilməsidir. Çünki NATO-nun şimal ölkələri alyansın Norfolkda yerləşən komandanlığına tabedir.
Qeyd edək ki, Danimarka daha əvvəl Qrenlandiyada öz hərbi qruplaşmasını gücləndirdiyini elan edib. Gözləntilərə görə, bu prosesə digər Avropa müttəfiqləri də qoşulacaq. Almaniya tərəfdən əsasən dağ atıcıları və hərbi-dəniz qüvvələrinin iştirakı nəzərdən keçirilir.
İsveçin Baş naziri Ulf Kristersson da açıqlamasında isveçli zabitlərin artıq Qrenlandiyaya çatdığını və Danimarkanın “Arktik davamlılıq” adlı hərbi təlimlərinə hazırlıq gördüklərini bildirib.
Xatırladaq ki, Almaniyanın müdafiə naziri Boris Pistorius daha əvvəl “Die Zeit” üçün yazdığı məqalədə NATO ölkələrini Qrenlandiya və Arktikanı Rusiya və Çinin təsirindən birgə qorumağa çağırıb, ABŞ-nin birtərəfli addımlarının alyansın əsaslarını sarsıtdığını vurğulayıb.