Belçikanın baş naziri dördüncü dəfə istefa vermək istədi – Kraldan gözlənilməz qərar
Dünya
Belçikanın Baş naziri Bart De Vever 2027-ci ilin dövlət büdcəsi ilə bağlı danışıqların nəticəsiz başa çatmasından sonra dördüncü dəfə istefa vermək üçün Kral Filipə müraciət edib.
News24.az-ın məlumatına görə, kral baş nazirin istefasını qəbul etməyib və ona hökumət başçısı kimi fəaliyyətini davam etdirməyi tapşırıb.
Bildirilib ki, Kral Filip danışıqlarda ciddi irəliləyişin əldə olunmamasından təəssüfləndiyini ifadə edib və tərəfləri mümkün qədər tez razılığa gəlməyə çağırıb.
Belçika hökumətinə daxil olan beş partiya avqust ayından bəri büdcədəki 10 milyard avroluq kəsirin aradan qaldırılması yolları barədə razılığa gələ bilmir. Ölkənin dövlət borcunun ÜDM-in 110 faizini keçdiyi bir vaxtda tərəflər vergilərin artırılması, sosial müavinətlərin azaldılması və əlavə borclanmanın həcmi ilə bağlı ortaq mövqe müəyyənləşdirməlidirlər.
Tərəflərin razılaşdığı əsas məsələlərdən biri isə hərbi xərclərin ÜDM-in 2 faizindən yuxarı qaldırılması planından geri çəkilməməkdir.