Astronavtlar yerüstü virusları Aya və Marsa daşıya bilərlər - Alim

Astronavtlar yerüstü virusları Aya və Marsa daşıya bilərlər - Alim Dünya

Aya və Marsa gələcək insanlı missiyaların iştirakçıları Yer mənşəli virus və digər patogenlərin daşıyıcısına çevrilə bilərlər.

News24.az-ın məlumatına görə, bunu Moskva Dövlət Universitetinin Biologiya fakültəsinin virusologiya kafedrasının professoru, biologiya elmləri doktoru Nikolay Nikitin Şençjendə keçirilən “Science 0+” beynəlxalq festivalı çərçivəsində bildirib.

Alim qeyd edib ki, virusların kosmik məsafələri müstəqil şəkildə qət etməsi mümkün deyil. Bunun üçün onların canlı orqanizmə ehtiyacı var. Gələcəkdə bu rolu Aya və Marsa uçan astronavtlar oynaya bilər.

Nikitinin sözlərinə görə, aparılan təcrübələr virusların bəzi komponentlərinin kosmik şəraitdə yaşaya bildiyini göstərir. Bu səbəbdən virusların gələcək kosmik missiyalarda insan orqanizmi vasitəsilə daşınması ehtimalı nəzərdən keçirilir.

Professor planetlər arasında həyatın meteoritlər vasitəsilə yayıla biləcəyini irəli sürən panspermiya hipotezini də xatırladıb. Onun fikrincə, böyük asteroid toqquşmaları nəticəsində Marsın səthindən viruslar ehtiva edə biləcək süxurlar kosmosa atıla bilər.

Qeyd edək ki, “Science 0+” beynəlxalq festivalı noyabrın 21-22-də Şençjendə keçirilir. 2006-cı ildə Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçinin təşəbbüsü ilə əsası qoyulan layihə 2026-cı ildə ilk dəfə Serbiya və Hindistanda da təşkil olunacaq. Festival, həmçinin Çin, Qazaxıstan, Belarus və Özbəkistanda keçirilir.