Avstriyada 14 yaşdan kiçiklər üçün sosial mediaya qadağa planlaşdırılır
Dünya
Avstriya hökuməti 14 yaşdan kiçik şəxslərin sosial media platformalarına çıxışını qadağan etməyə razılıq verib.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə koalisiya tərəfdaşları birgə mətbuat konfransında açıqlama veriblər.
Baş nazirin müavini Andreas Babler bildirib ki, sosial media gənclər üzərində mənfi təsir göstərə bilər və uşaqları zərərli məzmundan qorumaq üçün rəqəmsal sahədə də aydın qaydalar tətbiq edilməlidir.
Rəqəmsallaşdırma üzrə dövlət katibi Aleksandr Pröl yaş məhdudiyyətinin texniki tətbiqi üçün qanun layihəsinin iyun ayının sonuna qədər hazır olacağını açıqlayıb.
Hökumət həmçinin media savadlılığını artırmaq məqsədilə orta məktəb proqramına “Media və Demokratiya” adlı yeni kursun əlavə olunmasını planlaşdırır.
Müxalifət qadağanı tənqid edib. Kristian Hafenekker, təmsil etdiyi Avstriya Azadlıq Partiyası (FPÖ) adından çıxış edərək təşəbbüsü ifadə azadlığına və informasiyaya müdaxilə kimi qiymətləndirib. O, hökumətin gənc və tənqidi düşünən nəsildən qorxduğunu iddia edib.
Nilufər