Bataqlıqdan 2000 il qabaq başı kəsilmiş qadının qalıqları tapıldı
Dünya
Şimali İrlandiyada bataqlıq ərazidə tapılan və 2000 ildən çox yaşı olan insan qalıqları ilə bağlı yeni məhkəmə-tibbi araşdırmanın nəticələri açıqlanıb.
News24.az-ın məlumatına görə, ekspertlər qalıqların 15-22 yaşlarında olan gənc qadına məxsus olduğunu müəyyən ediblər. Onun başının iti silahla arxadan kəsildiyi ehtimal olunur.
Qalıqlar üç il əvvəl Derri qraflığının Ballymacombs More ərazisindəki bataqlıqda aşkarlanıb. Araşdırma zamanı qadının Dəmir dövründə yaşadığı və ritual qurbanvermə mərasiminin qurbanı ola biləcəyi ehtimalı irəli sürülüb.
Məhkəmə-tibbi ekspert Co MakKriskenin rəhbərlik etdiyi araşdırma Ulster Muzeyində aparılıb. Rəsmi istintaq xarakteri daşımayan tədqiqatda müasir məhkəmə-tibbi, arxeoloji və elmi metodlardan istifadə edilib.
MakKrisken bildirib ki, araşdırmanın məqsədi müasir hüquqi normaları uzaq keçmişə tətbiq etmək deyil, mövcud sübutlar əsasında gənc qadının həyatını və ölüm şəraitini mümkün qədər aydınlaşdırmaqdır.
Bununla belə, qadının ölümünün dəqiq səbəbi hələ müəyyən edilməyib. Ekspertlər onun qalıqlarının Avropanın şimal-qərbində Dəmir dövrünə aid digər bataqlıq cəsədləri ilə oxşarlıq təşkil etdiyini və ritual qurbanvermə ənənəsi ilə əlaqəli ola biləcəyini bildirirlər.