Bu ölkdə yoxsulluq rekord həddə çatdı

Bu ölkdə yoxsulluq rekord həddə çatdı Dünya

Böyük Britaniyada təxminən 3,8 milyon insan ən zəruri ehtiyaclarını belə qarşılaya bilmir.

News24.az xəbər verir ki, yeni araşdırmaya görə, ölkədə yoxsulluq səviyyəsi rekord həddə çatıb.

“Sky News”un məlumatına görə, Joseph Rowntree Fondu tərəfindən maliyyələşdirilən tədqiqatda 2025-ci ildə təxminən 3,8 milyon insanın əsas ehtiyaclarından məhrum olduğu müəyyən edilib. Onların arasında bir milyona yaxın uşaq da var.

Araşdırmaya əsasən, bu insanlar qida, istilik, quru və təmiz qalmaq üçün zəruri olan məhsulları əldə etməkdə çətinlik çəkirlər. Məlumatlar göstərir ki, vəziyyət 2022-ci ildən bəri ciddi şəkildə dəyişməyib.

Heriot-Watt Universitetinin Verian sosioloji araşdırma şirkəti ilə birgə apardığı tədqiqatda Böyük London yoxsulluğun ən yüksək səviyyədə olduğu bölgə kimi göstərilib. Siyahıyaalma həftəsində paytaxtdakı ev təsərrüfatlarının təxminən 2 faizi ciddi məhrumiyyətlə üzləşib.

Londonun Nyuhem rayonunda isə bu göstərici 3 faizi ötüb. Bu, ölkə üzrə ən yüksək nəticə hesab olunur.

Tədqiqatda qeyd edilib ki, Şotlandiya, Uels və Şimali İrlandiyada yoxsulluq göstəriciləri İngiltərə ilə müqayisədə daha aşağıdır. Uelsdə vəziyyət Şotlandiya və Şimali İrlandiyaya nisbətən bir qədər yaxşı qiymətləndirilib. Qlazqoda isə ev təsərrüfatlarının 2 faizdən çoxu yoxsulluq şəraitində yaşayır.

Xeyriyyə təşkilatları xəbərdarlıq edirlər ki, əsas ehtiyaclarını qarşılaya bilməyən insanların sayı artdıqca, ərzaq bankları və digər təcili yardım xidmətlərinə müraciətlər də çoxalır.