Bu ölkədə məktəb avtobusu qəzaya uğradı: 20 uşaq öldü
Dünya
Uqandanın şərqində məktəbliləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində 21 nəfər həyatını itirib.
News24.az xəbər verir ki, bu barədə ölkə polisi məlumat yayıb.
Bildirilib ki, qəza Kapçorva rayonunun Çekvati kəndi yaxınlığında baş verib. Ölənlər arasında 20 uşaq və onları müşayiət edən bir böyük şəxs var. Polisin sözçüsü Maykl Kananuranın sözlərinə görə, avtobus paytaxt Kampala şəhərindən ekskursiyaya gedən məktəbliləri məşhur Sipi şəlaləsindən geri aparırmış.
İlkin araşdırmaya əsasən, sürücü nəqliyyat vasitəsinə nəzarəti itirib. Avtobus yoldan çıxaraq yol kənarındakı iri qayaya çırpılıb və aşıb. Güclü zərbə nəticəsində çoxsaylı sərnişin hadisə yerində həyatını itirib.
Qəza zamanı bir neçə uşaq və onları müşayiət edən üç böyük müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb və onlara tibbi yardım göstərilir.