Şimali Kiprdə səsvermə yekunlaşdı - Yenilənib

Şimali Kiprdə səsvermə yekunlaşdı - Yenilənib Dünya

Şimali Kipr Türk Cümhuriyyətində prezident seçkilərində səsvermə başa çatıb.

News24.az xəbər verir ki, səsvermə yerli vaxtla saat 18:00-da yekunlaşıb.

Qeyd edək ki, ŞKTC-nin 9-cu prezidentinin seçiləcəyi seçkidə bu post uğrunda hazırkı dövlət başçısı Ersin Tatar müstəqil namizəd kimi mübarizə aparır.

Tufan Erhürman, Hüseyn Gürlek, Mehmet Hasgüler, Arif Salih Kırdağ, Ahmet Boran, İbrahim Yazıcı və Osman Zorba da prezidentliyə namizədlərdir. Hüseyn Gürlek səsvermədən bir gün əvvəl Ersin Tatarın xeyrinə namizədliyini geri götürüb.

Seçkidə ən yüksək səs topayacaq namizədlərin ŞKTC-nin müstəqilliyinin tərəfdarı olan Ersin Tatar və federasiya modelini dəstəkləyən Tufan Erhürman olacağı proqnozlaşdırılır. Namizədlərin hər hansı birinin ilk turda qalib gəlməsi üçün 50% + 1 səs toplaması lazımdır. Birinci turda heç bir namizəd 50% + 1 səs toplaya bilməzsə, seçkilərin ikinci turu bir həftə sonra - 26 oktyabrda keçiriləcək. (APA)

***

Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) prezident seçkilərinin ilk turu başlayıb.

News24.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, seçkidə ümumilikdə 7 namizəd mübarizə aparır.

Mövcud prezident Ersin Tatar bu dəfə seçkilərdə müstəqil namizəd kimi iştirak edir.

Səsvermə prosesi səhər saat 08:00-da başlayıb və 18:00-da başa çatacaq.

Kipr üzrə 218 min qeydiyyatda olan seçici səsvermə hüququna malikdir.(Teleqraf)

10:56

***

Bu gün Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) keçirilən prezident seçkilərində saat 16:00-a seçici fəallığı bəlli olub.

News24.az xəbər verir ki, saat 16:00-a olan məlumata görə, seçicilərin 53%-i səsvermədə iştirak edib.

Qeyd edək ki, prezident seçkilərində əsas mübarizənin ŞKTC-nin müstəqilliyinin tərəfdarı olan Ersin Tatar və federasiya modelini dəstəkləyən Tufan Erhürman arasında olacağı proqnozlaşdırılır. Tufan Erhürman Cümhuriyyət Türk Partiyasının prezidentliyə namizədidir, 2020-ci ildə keçirilən seçkilərdə də Ersin Tatarın rəqibi olub.(APA)