“ChatGPT”də problem yarandı - Azərbaycanda da müşahidə olunur
Dünya
“OpenAI” şirkətinin dünyaca məşhur “ChatGPT” süni intellekt çat-botunun fəaliyyətində qlobal nasazlıq yaranıb.
News24.az xəbər verir ki, bu barədə “Downdetector” portalı məlumat yayıb.
Məlumata görə, istifadəçilər sistemə daxil olmaqda ciddi çətinliklərlə qarşılaşırlar. İstifadəçilərin bildirdiyinə görə, hazırda platformada şəxsi kabinetə daxil olmağın mümkünsüzlüyü, veb-saytın tamamilə açılmaması və çat-botun sorğulara həddindən artıq gec cavab verməsi kimi problemlər qeydə alınır.
Nasazlıq daha çox Niderland, ABŞ və Almaniyada qeydə alınsa da, problem bir çox ölkə ilə yanaşı, Azərbaycanda da müşahidə olunur.
“OpenAI”dan bildirilib ki, mütəxəssislər yaranmış problemlərdən xəbərdardırlar və onların aradan qaldırılması istiqamətində işlər aparırlar.
Xatırladaq ki, “ChatGPT”nin işində sonuncu qlobal nasazlıq 2025-ci ilin dekabrında müşahidə edilmişdi. (Bakupost)