“Crocus City Holl”da terror törədənlər ömürlük həbs edildilər

“Crocus City Holl”da terror törədənlər ömürlük həbs edildilər Dünya

Rusiyanın İkinci Qərb Dairə Hərbi Məhkəməsi “Crocus City Holl”da törədilən terror aktı ilə bağlı iş üzrə təqsirləndirilən 19 nəfərdən 15-i ömürlük həbs cəzasına məhkum edilib.

News24.az xəbər verir ki, onların arasında terror aktının dörd nəfər birbaşa icraçısı da var.

Bunlar Dalerjon Mirzoyev, Murodali Raçabalizoda, Məhəmmədsobir Fayzov və Şamsidin Faridunidir.

Onlar cəzasının bir hissəsini həbsxanada, digər hissəsini isə xüsusi rejimli koloniyada çəkəcəklər. Hər birinə 990 min rubl məbləğində cərimə də təyin edilib.

Həmçinin Umedjon və Mustakim Soliyevlər, Şaxromjon Qadoyev, Zubaydullo İsmoyilov, Hüseyn Həmidov, Məhəmməd Şaripzoda, Yakubjon Yusufzoda, Nazrimad Lutfullovi, Cumaxon Kurbonov, Hüsen Medov və Cəbrail Auşev də ömürlük həbs cəzası alıblar.

Terror aktının icraçılarına yaşayış yeri kirayəyə verən Alişer Kasimov isə 22 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

Onun Moskva vilayətində yerləşən mənzili müsadirə olunub. Terrorçulara avtomobil satan İsroil, Dilovar və Aminçon İslomov isə 19 il 11 ay həbs cəzası alıblar.

Məhkəmə təqsirləndirilən şəxslərdən zərərçəkənlərin xeyrinə 200 milyon rubldan çox vəsaitin ödənilməsinə də qərar verib.

Qeyd edək ki, “Crocus City Holl”da terror aktı 22 mart 2024-cü ildə Moskva vilayətinin Krasnoqorsk şəhərində baş verib. Hücum edənlər binada olan insanlara avtomat silahlarla atəş açıb və konsert zalını yandırıblar. Hadisə nəticəsində 149 nəfər həlak olub, 1 nəfər itkin düşüb, 609 nəfər isə yaralanıb.