Danışıqlarda böhran: İran növbəti raunda qatılmır
Dünya
İran və ABŞ arasında aparılan danışıqların növbəti mərhələsi ilə bağlı hələlik razılıq əldə olunmayıb.
News24.az xəbər verir ki, bu barədə İranın "Tasnim" xəbər agentliyi müvafiq qurumlara istinadən məlumat yayıb.
Bildirilib ki, rəsmi Tehran ABŞ tərəfinin danışıqlarda irəli sürdüyü tələblər və tətbiq edilən dəniz məhdudiyyətləri səbəbindən növbəti raundda iştirak etməyə razılıq verməyib. Bildirilir ki, İranın bu qərarına ABŞ-nin İrana qarşı “dəniz blokadası” elan etməsi də təsir göstərib.
Mənbələr qeyd edib ki, danışıqların davam etdirilməsi yalnız ABŞ-nin irəli sürdüyü tələblərdən geri çəkiləcəyi halda mümkün ola bilər. İran tərəfi vasitəçi kimi çıxış edən Pakistan üzərindən Vaşinqtona “yorucu və nəticəsiz müzakirələrə qatılmayacağını” çatdırıb.
Xatırladaq ki, ABŞ və İran arasında gərginlik fonunda ötən dövrlərdə də bir sıra görüşlər keçirilib. İslamabadda baş tutan danışıqlar uzun sürsə də, tərəflər arasında razılaşma əldə olunmamışdı.
Digər tərəfdən, bölgədə gərginlik davam edir. Hürmüz boğazı ilə bağlı vəziyyətin dəyişməsi və qarşılıqlı açıqlamalar regionda gərginliyi daha da artırıb.
Hazırda diplomatik kanallar vasitəsilə vəziyyətin yumşaldılması istiqamətində səylər davam etsə də, Tehran prinsipial mövqeyindən geri çəkilmədiyini bildirir. (TRT Haber)
Nilufər