Dünya ticarəti təhlükədə: Çin ABŞ və İsrailə səsləndi
Dünya
Çin Xalq Respublikası ABŞ və İsrailin İrana qarşı intensivləşən hücumları fonunda strateji əhəmiyyətli Hörmüz boğazı ilə bağlı ciddi narahatlığını ifadə edib.
News24.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mao Ninq paytaxt Pekində keçirdiyi brifinqdə bəyanat verib.
Ninqin sözlərinə görə, dünyanın ən mühüm enerji dəhlizlərindən biri olan Hörmüz boğazında ticarət gəmiçiliyinin pozulması və risklərin artması bölgədə davam edən hərbi gərginliklə birbaşa bağlıdır. O vurğulayıb ki, mövcud vəziyyət ABŞ və İsrailin İran hədəflərinə endirdiyi zərbələrlə daha da kritik həddə çatıb.
Çinli diplomat boğazın açıq qalmasının yeganə yolunu açıqlayıb:
“Hörmüz boğazı yalnız hərbi əməliyyatlar dayandırıldıqda açıq və təhlükəsiz ola bilər. Mövcud gərginliyin qlobal ticarətə vurduğu ziyanın qarşısını almaq üçün tərəfləri təmkinli olmağa və münaqişəni dərhal dayandırmağa çağırırıq”.
Qeyd edək ki, Çin İran neftinin ən böyük idxalçılarından biridir və Hörmüz boğazının bağlanması Pekinin enerji təhlükəsizliyinə birbaşa zərbə deməkdir.