Edam zamanı ölmədi, xəstəxanada ayılıb danışdı
Dünya
ABŞ-nin Tennessi ştatında ölümcül iynə ilə edamı uğursuz nəticələnən 50 yaşlı məhbus Krista Payk xəstəxanada müalicə aldığı vaxt yenidən özünə gəlib və danışmağa başlayıb.
News24.az xəbər verir ki, hadisə ötən həftə baş verib.
Payka iki doza pentobarbital vurulmasına baxmayaraq, o, ölməyib və xəstəxanaya aparılıb. Bir neçə gün huşsuz vəziyyətdə müalicə aldıqdan sonra şüuru bərpa olunub.
Onun vəkillərinin bildirdiyinə görə, xəstəxanada qolları qandallı saxlanılan Paykın sağalma prosesi tibbi baxımdan görünməmiş hadisədir. Hüquqşünaslar və ekspertlər zəhərli maddə yeridildikdən sonra sağ qalan başqa edam məhbusu barədə məlum nümunənin olmadığını bildiriblər.
Hadisədən sonra Tennessi qubernatoru Bill Li ilin sonuna qədər ştatda bütün edamları dayandırıb. Eyni zamanda ştat həbsxanaları rəhbərinin istefa verəcəyi açıqlanıb.
Paykın vəkilləri onun qollarında ciddi toxuma zədələnməsi olduğunu və qarşıda uzun və çətin bərpa prosesinin dayandığını bildiriblər.
Səlahiyyətli şəxslər isə uğursuz edam cəhdindən sonra onun cəzası ilə bağlı növbəti addımın necə olacağı barədə hələlik rəsmi açıqlama verməyiblər.