Ermənistan Azərbaycandan benzin alıb ölkədə qiyməti endirdi

Ermənistan Azərbaycandan benzin alıb ölkədə qiyməti endirdi Dünya

Ermənistana Azərbaycandan yeni neft məhsulları partiyasının çatdırılması fonunda benzin qiymətlərinin ucuzlaşacağı proqnozlaşdırılır.

News24.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan bildirib.

Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycan ərazisindən dəmir yolu ilə Ermənistana 6 580 ton taxıl çatdırılıb. Bunun 1 000 tonu Qazaxıstan, 5 580 tonu isə Rusiya mənşəli olub. Eyni zamanda 1 210 ton Azərbaycan benzini də idxal edilib.

Nazir qeyd edib ki, 2026-cı il yanvarın 8-nə olan vəziyyətə görə, Azərbaycan ərazisindən dəmir yolu ilə Ermənistana 8 485 ton Rusiya taxılı daxil olub, 4 103 ton isə yoldadır. Bununla yanaşı, 7 600 ton Azərbaycan neft məhsulunun tədarükü gözlənilir. Onlardan 6 100 tonu benzin, 1 500 tonu isə dizel yanacağıdır.

“Ötən ayın qiymətləri ilə müqayisədə benzin və dizel yanacağının qiymətlərinin litrinə qədər 80 dram azalacağı gözlənilir”, — deyə nazir vurğulayıb.

Gevork Papoyan əlavə edib ki, bu proseslə əlaqədar olaraq neft məhsullarının satışı ilə məşğul olan digər şirkətlər də qiymətlərin endirilməsi üzərində çalışırlar.