Ermənistan parlamentinin sabiq spikerinin əmlakına həbs qoyuldu

Ermənistan parlamentinin sabiq spikerinin əmlakına həbs qoyuldu Dünya

Ermənistan parlamentinin keçmiş spikeri Artur Baqdasaryanın və ailə üzvlərinin daşınar və daşınmaz əmlakına həbs qoyulub.

News24.az xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyinin Məcburi İcra Xidməti məlumat yayıb.

Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin qərarı ilə Baqdasaryanın və onunla əlaqəli 7 şəxsin əmlakına həbs qoyulub.

Xüsusilə, 8 daşınmaz əmlak obyekti, nəqliyyat vasitələri də daxil olmaqla 1020 ədəd daşınar əmlak, eləcə də 156,5 milyon dram (435 min dollar) həbs altındadır.

Xidmətin əməkdaşları Baqdasaryanla əlaqəli olan "FELİNGER" hüquqi şəxsinə məxsus Abovyan küçəsində yerləşən mehmanxana və sanatoriya-mehmanxana kompleksini mühafizəyə təhvil veriblər.

Sahibkarın şirkətin daşınar və daşınmaz əmlakı üzərində sərəncam verməsi qadağan edilib.

Həmçinin Heratsi küçəsində yerləşən və Baqdasaryanla əlaqəli olan "SKAYVYU" hüquqi şəxsinə məxsus yarımçıq qalmış çoxmənzilli bina da mühafizəyə təhvil verilib.

Qeyd edək ki, daha əvvəl Baqdasaryan və ailə üzvləri qanunsuz yolla əldə edilmiş əmlakla bağlı iş çərçivəsində prokurorluğa çağırıldığı bildirilib. Yoxlamanın nəticələri əsasında Ermənistan parlamentinin keçmiş spikerinin və onun ailə üzvlərinin adına qeydiyyatda olan əmlak müsadirə olunmalıdır.