Əsrlər boyu ailədə gizlənən sirr: mikelancelonun eskizi üzə çıxdı
Dünya
Bu yaxınlarda aşkarlanan Mikelanceloya aid eskiz Nyu-Yorkda keçirilən “Christie’s” hərracında 23 milyon dollara satılıb. Beş yüz il əvvəl böyük italyan rəssam və heykəltəraş Mikelancelonun çəkdiyi ayaq eskizi “Qədim ustaların tabloları” adlı hərracda alıcı tapıb.
News24.az xəbər verir ki, hərrac evi əvvəlcə əsərin iki milyon dollara qədər satılacağını gözləsə də, onun real qiyməti təxminən on dəfə artıq olub.
“Christie’s” hərrac evinin məlumatına görə, eskizin sahibi onun dəyərindən xəbərsiz olub və sadəcə qiymətləndirilməsi üçün rəsmin fotosunu göndərib. Həmin eskiz ona nənəsindən miras qalıb. Rəsmin sahibi adının anonim qalmasını istəyib.
Onun sözlərinə görə, eskiz ailəsində hələ XVIII əsrin sonlarından, əcdadlarının Avropada yaşadığı dövrdən bəri qorunub saxlanılıb.
“Christie’s”in Qədim ustaların əsərləri departamentinin rəhbəri Endryu Fletçer bildirib ki, bu tapıntı onun karyerasında ən parlaq məqamlardan biri olub.