Etna vulkanının külü Siciliyanın hava nəqliyyatını iflic etdi
Dünya
Vulkan külü səbəbindən Siciliyanın Kataniya-Fontanarossa hava limanı tamamilə bağlanıb. Adaya və adadan həyata keçirilən uçuşlar ləğv edilir və ya başqa hava limanlarına yönləndirilir. Minlərlə sərnişin artıq bir neçə gündür Siciliyanı tərk edə bilmir.
News24.az xəbər verir ki, Etna vulkanının şimal-şərq kraterindən 4 kilometrədək hündürlüyə qalxan nəhəng kül buludları yayılır. Vulkan külü təyyarələr üçün təhlükəlidir. O, görmə məsafəsini azaltmaqla yanaşı, mühərriklərə daxil olaraq onların sıradan çıxmasına səbəb ola bilər.
Hava limanının nə vaxt fəaliyyətini bərpa edəcəyi hələ məlum deyil. Onun bağlanma müddəti ən azı bazar ertəsi gecə yarısınadək uzadılıb. Məhdudiyyətlərin çərşənbə axşamı da davam edə biləcəyi bildirilir.
Bununla belə, vulkanoloqlar güclü partlayışla müşayiət olunan püskürmə gözləmirlər. Hazırkı aktivlik Etna üçün xarakterik proses kimi qiymətləndirilir.
Qeyd edək ki, Kataniya hava limanı sonuncu dəfə avqust ayında bağlanıb. Həmin vaxt da Avropanın ən hündür aktiv vulkanı kül və tüstü püskürtməyə başlayıb.