Gecə boyu İsrailin Qəzzaya hücumları - DAVAM ETDİ
Dünya
Fələstinin rəsmi agentliyi WAFA-da yer alan xəbərə görə, İsrail ordusu gecə boyu Qəzza zolağının müxtəlif hissələrini bombalayıb.
News24.az xəbər verir ki, İsrailin Qəzza zolağının cənubundakı Xan Yunus şəhərində bir evi bombalaması nəticəsində ən azı 4, şərqindəki Beni Süheyla qəsəbəsində açdığı atəş nəticəsində isə 2 mülki şəxs həlak olub.
Həmçinin, Qəzzanın cənubundakı Rəfah şəhərinin Tel Sultan məhəlləsinə edilən hücumlarda ən azı 3 nəfərin öldüyü, çoxlu sayda insanın yaralandığı bildirilib.
Xəstəxana mənbələrindən alınan məlumata görə, İsrailin hücumlarında həyatını itirənlərin çoxu uşaq və qadınlar olub.
Xatırladaq ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 16 min 314-ü uşaq, 10 min 980-i qadın olmaqla 39 min 929 fələstinli həyatını itirib, 92 min 240 nəfər isə yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.
Məryəm İlhamqızı