Gümrü meri Ermənistan hakimiyyətini məhkəməyə verdi

Gümrü meri Ermənistan hakimiyyətini məhkəməyə verdi Dünya

Ermənistanda hazırda həbsdə olan Gümrü şəhərinin meri Vardan Qukasyan Ermənistan parlamentinin spikeri Ruben Rubinyana və ölkənin Maliyyə Nazirliyinə qarşı məhkəməyə müraciət edib.

News24.az xəbər verir ki, məlumat Ermənistanın məhkəmə-hüquq informasiya sistemində yerləşdirilib.

Qukasyan Rubinyandan onun fikrincə, böhtan xarakterli açıqlamaların açıq şəkildə təkzib edilməsini və 500 min dram (təxminən 1300 dollar) məbləğində təzminat ödənilməsini tələb edir.

Bundan əlavə, o, özünün ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu iddia edir və bu səbəbdən Ermənistan Respublikasından (Maliyyə Nazirliyi vasitəsilə) əlavə 500 min dram təzminat istəyir.

Qeyd edək ki, Ruben Rubinyan bundan əvvəl, o cümlədən sosial şəbəkədə Qukasyanı “rüşvətxor” adlandırmışdı.

Xatırladaq ki, Vardan Qukasyan Cinayət Məcəlləsinin “rüşvət alma” maddəsi ilə ittiham olunur, lakin ittihamları rədd edir.

Müdafiə tərəfi bildirir ki, ittiham aktındakı demək olar ki, bütün epizodlar 2024-cü ilin dekabrı – 2025-ci ilin fevralı dövrünü əhatə edir və həmin müddətdə Qukasyan mer səlahiyyətlərini icra etmirmiş.

Bundan əlavə, İstintaq Komitəsi onun Rusiya ilə ittifaq qurulmasının vacibliyinə dair bəyanatları əsasında Qukasyana qarşı yeni cinayət işi açıb və bunu Cinayət Məcəlləsinin “Ermənistan Respublikasının suverenliyindən imtinaya açıq çağırış” maddəsi ilə kvalifikasiya edib.