Gürcüstanda azərbaycanlıların mübahisəsi ölümlə bitdi - Video

Gürcüstanda azərbaycanlıların mübahisəsi ölümlə bitdi - Video Dünya

Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin əməkdaşları Qardabani bələdiyyəsinin Nazarlı kəndində qəsdən adam öldürmə ittihamı ilə əvvəllər məhkum olunmuş şəxsi saxlayıblar.

News24.az xəbər verir ki, ötən gün təqsirləndirilən şəxs qarşılıqlı mübahisə zamanı 35 yaşlı həmyerlisinə soyuq silahla xəsarətlər yetirib.

Aldığı xəsarətlər nəticəsində kişi hadisə yerində ölüb.

Məlumata görə, qətlin qurbanı 35 yaşlı Araz Yusubov, cinayəti törədən şəxs isə Ramin Məmmədovdur.

Kənd sakinlərinin verdiyi məlumata əsasən, tərəflər arasında əvvəlcə sözlü mübahisə yaranıb. Daha sonra 35 yaşlı Araz Yusubov bıçaq xəsarətləri alıb.

O, hadisə yerindən uzaqlaşsa da, aldığı xəsarətlər nəticəsində qanaxmadan həyatını itirib.

Hadisə yerinə çox sayda hüquq-mühafizə orqanının əməkdaşı cəlb olunub.

Cinayəti törədən şəxs polisə təslim olmayıb və avtomobilin üzərinə çıxaraq ona yaxınlaşılacağı təqdirdə intihar edəcəyini bildirib.

Qısa müddət davam edən danışıqlardan sonra sözügedən şəxs saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq aparılır.

Sözügedən maddə 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.