Hava limanlarına kiberhücum - Sərnişinlərin məlumatları oğurlandı

Hava limanlarına kiberhücum - Sərnişinlərin məlumatları oğurlandı Dünya

İngiltərənin üç böyük hava limanını hədəf alan kiberhücum nəticəsində təxminən 8,7 milyon müştərinin şəxsi məlumatları oğurlanıb.

News24.az xəbər verir ki, bu barədə hava limanlarının operatoru olan “Manchester Airports Group” (MAG) məlumat yayıb.

Kiberhücum Mançester, London Stansted və İst-Midlends hava limanlarına təsir edib.

Sızdırılan məlumatlar arasında əsasən terminaldakı Wi-Fi şəbəkəsinə qoşularkən qeyd edilən elektron poçt ünvanları, həmçinin telefon nömrələri, avtomobillərin dövlət nömrə nişanları və poçt indeksləri var.

Bildirilib ki, bank və ödəniş məlumatları sızdırılmayıb, sərnişinlərin təhlükəsizliyi və uçuşların həyata keçirilməsi isə risk altında olmayıb.

Hava limanlarında fəaliyyət normal qaydada davam edir.

Şirkət riskin dərhal nəzarət altına alındığını və aidiyyəti qurumların məlumatlandırıldığını açıqlayıb.

Müştərilərə hava limanı adından göndərilmiş kimi görünən şübhəli elektron məktub, zəng və mesajlara qarşı diqqətli olmaları tövsiyə edilib.