Hörmüz boğazına alternativ tapıldı

Hörmüz boğazına alternativ tapıldı Dünya

Regional gərginlik fonunda qlobal enerji təhlükəsizliyi üçün kritik əhəmiyyət daşıyan Hörmüz boğazı ətrafındakı böhran, Körfəz ölkələrini təcili alternativlər axtarmağa sövq edib.

News24.az xəbər verir ki, İranın tranzit yollarına tətbiq etdiyi məhdudiyyətlər və artan hərbi risklər neft ixracında boru kəməri layihələrini yenidən gündəmə gətirib.

Mütəxəssislərin fikrincə, dəniz yollarından asılılığı azaltmaq üçün ən real çıxış yolu quru marşrutlarıdır. Bu çərçivədə 1980-ci illərdə inşa edilmiş, Səudiyyə Ərəbistanının Şərq vilayətlərindən başlayaraq Qırmızı dəniz sahilindəki "Yanbu Port" limanına qədər uzanan 1200 kilometrlik Şərq-Qərb boru kəməri yenidən strateji mərkəzə çevrilib.

Dünyanın ən böyük neft şirkəti olan "Saudi Aramco"nun baş direktoru Amin Nasser bildirib ki, hazırda bu marşrut aktiv şəkildə istifadə olunur. Onun sözlərinə görə, gündəlik 10,2 milyon barel neft hasilatının daha böyük hissəsinin Hörmüz boğazından yan keçməklə, quru yolu ilə ixrac edilməsi üçün mövcud kəmərlərin ötürücülük qabiliyyəti artırılır.

Qeyd edək ki, Hörmüz boğazı dünya neft ticarətinin təxminən 20%-30%-nin keçdiyi nöqtədir və onun bağlanması qlobal iqtisadiyyat üçün fəlakətli nəticələr doğura bilər.