Həvəskar futbolçu kral ola bilər – Bu ölkədə
Dünya
İngiltərənin 9-cu liqasında çıxış edən həvəskar futbol klubunun qapıçısı Uqandadakı Toro krallığının yeni kralı ola bilər. Söhbət 36 yaşlı Corc Desmond Kamurasi – “Big G” ləqəbli futbolçudan gedir.
News24.az xəbər verir ki, Kamurasi Londonun cənub-şərqində yerləşən “South East Dons” klubunda qapıçı və kapitan kimi çıxış edir. Futbolçunun babası Toro kralı III Corc Rukidi olub. Bu yaxınlarda 34 yaşında xərçəng xəstəliyindən vəfat edən kral Oyo Nyimba Kabamba İguru Rukidi IV isə Kamurasinin əmisi oğlu olub.
Toro Uqandanın qərbində yerləşən və bir milyondan çox insanın yaşadığı krallıqdır. Ölkədə bir neçə monarxiya qorunub saxlanılıb. Onların ciddi siyasi səlahiyyətləri olmasa da, mühüm mədəni əhəmiyyət daşıyırlar.
Kamurasi iki il əvvəl sosial şəbəkədə Uqanda ilə sıx əlaqəsini qoruduğunu yazıb. O, ölkəyə sevgisinin xüsusilə valideynlərinin ona aşıladığı xeyirxahlıq, zəhmətkeşlik və dözümlülük kimi dəyərlərdən qaynaqlandığını bildirib.
Buna baxmayaraq, futbolçunun Londonda qurduğu həyatını və sevdiyi futbolu taxt-tacla dəyişməyə hazır olub-olmadığı hələ məlum deyil. Britaniya mediasının məlumatına görə, Kamurasi kral namizədliyini qəbul etməkdə tərəddüd edir. Hətta onun əmisi oğlunun dəfn mərasimində iştirak edib-etməyəcəyi də bəlli deyil. Çünki həmin tarixdə klubunun vacib kubok oyunu var.
21 nəfərdən ibarət xüsusi komitə artıq Kamurasini kral taxtına dəvət edib və Uqanda Prezidenti də bu seçimi təsdiqləyib. İndi son qərarı futbolçu özü verməlidir.