İran yağışı gümüşlə yağdıracaq
Dünya
İran təyyarələrlə buludların üzərinə gümüş səpərək son 50 ilin ən güclü quraqlığını aradan qaldırmağa çalışır.
News24.az yerli KİV-ə istinadən xəbər verir ki, İran hakimiyyəti ölkəni son onilliklərin ən ağır quraqlığından xilas etmək üçün Urmiya gölünün hövzəsi üzərində buludlara kimyəvi maddələr səpməklə yağıntıları stimullaşdırmağa yönəlmiş genişmiqyaslı əməliyyata başlayıb.
İranın ən böyük gölü olan Urmiya demək olar ki, tamamilə quruyub və geriyə nəhəng duz təbəqəsi qalıb.
“Bulud səpilməsi” buludlara təyyarələr və ya yerüstü generatorlar vasitəsilə gümüş və kalium yodidi kimi kimyəvi duzların vurulmasını nəzərdə tutur.
Bu maddələr su buxarının kondensasiyasına və yağıntıların yaranmasına kömək edir. Bu texnologiya onilliklərdir tətbiq olunur. Birləşmiş Ərəb Əmirlikləri bu üsuldan su çatışmazlığı ilə mübarizə üçün aktiv istifadə edir.
İran Meteorologiya Təşkilatının məlumatına görə, bu il yağıntıların həcmi çoxillik orta göstərici ilə müqayisədə 89 faiz azalıb.
Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkiyan ötən həftə məsələ ilə bağlı xəbərdarlıq edib.
"Yaxın vaxtlarda yağıntılar kifayət etməsə, Tehranın su təchizatı məhdudlaşdırıla bilər və paytaxt sakinlərini hətta təxliyə etmək lazım gələ bilər”, - deyə o bildirib.