İranda daha 2 nəfər edam edildi
Dünya
İran hakimiyyəti İsrailin “Mossad” kəşfiyyat xidməti ilə əməkdaşlıqda ittiham olunan daha iki nəfərin edam edildiyini açıqlayıb.
News24.az xəbər verir ki, Yaqub Kərimpur və Naser Bəkrzadə barədə çıxarılan hökm ölkənin ali məhkəməsi tərəfindən təsdiqləndikdən sonra icra olunub.
Məlumata görə, Kərimpur ABŞ və İsraillə qarşıdurmanın gərgin mərhələsində İranla bağlı məxfi məlumatları xarici kəşfiyyat orqanlarına ötürməkdə təqsirli bilinib.
İstintaqın nəticələrinə əsasən, digər şəxs Bəkrzadə də mühüm dövlət qurumları, vilayət strukturları, dini xadimlər və strateji əhəmiyyət daşıyan obyektlər, o cümlədən Natanz barədə məlumatlar toplayaraq ötürməkdə ittiham olunub.
Qeyd edək ki, Natanzda İranın nüvə proqramına aid obyektlərdən biri yerləşir. Həmin obyektin 2025-ci ilin iyun ayında ABŞ tərəfindən zərbəyə məruz qaldığı bildirilir.