İranın vitse-prezidenti: - "İran xalqından üzr istəyirəm"
Dünya
İranın keçmiş xarici işlər naziri və prezident Məsud Pezeşkiyanın strateji məsələlər üzrə müavini Məhəmməd Cavad Zərif sosial media hesabında etdiyi paylaşımda vəzifəsindən istefa verdiyini və akademik təhsilini davam etdirəcəyini açıqlayıb.
News24.az xəbər verir ki, Zərif paylaşımında prezident Pezeşkiyanın parlamentə təqdim etdiyi 19 nəfərdən ibarət kabinetdən razı qalmadığını bildirib. O, kampaniya zamanı verdiyi vədləri bu şərtlərlə yerinə yetirməyin mümkün olmadığını əlavə edib.
Nazirlər Kabinetinin siyahısında onun təkliflərinin və ictimaiyyətin həssaslığının nəzərə alınmadığını bildirən Zərif, “Pezeşkiyan 14-cü dövr hökumətinin nazirlərinin adlarını parlamentə təqdim etdi, hamısına uğurlar arzulayıram. İşimin nəticəsindən razı deyiləm və təəssüflənirəm ki, komitələrin ekspert rəyini, qadınların, gənclərin, etnik qrupların iştirakını vəd etdiyim kimi lazımi qaydada uyğunlaşdıra bilmədim. Amma bu, bizim üçün ilk təcrübə idi və şübhəsiz ki, gələcəkdə daha da yaxşılaşacaq. Daxili siyasətdə baş verənləri yaxşı izləyə bilmədiyim üçün İran xalqından üzr istəyirəm".
Günel Məlikzadə