Məkkəni PUA ilə vurmaq istədilər - Video
Dünya
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası Yəməndəki husilərin Məkkəni hədəf alan pilotsuz uçuş aparatı (PUA) hücumunun qarşısının alındığını açıqlayıb.
News24.az xəbər verir ki, bu barədə Ərəb Koalisiyasının sözçüsü, briqada generalı Türki əl-Maliki məlumat verib.
O bildirib ki, Səudiyyə Ərəbistanı Kral Hava Hücumundan Müdafiə Qüvvələri husilər tərəfindən buraxıldığı bildirilən PUA-nı Məkkənin qadağan olunmuş hava məkanına daxil olmamışdan əvvəl aşkarlayıb.
Onun sözlərinə görə, PUA Məkkə şəhərinin cənubunda qarşısı alınaraq məhv edilib.
Türki əl-Maliki bu hadisəni 2017-ci il iyulun 27-də Məkkəyə ballistik raketlə hücum cəhdindən sonra müqəddəs şəhəri hədəf almağa yönəlmiş ikinci cəhd kimi qiymətləndirib.
O, zəvvarların təhlükəsizliyinin koalisiya qüvvələri üçün prioritet olduğunu bildirib və husilərin bu cür fəaliyyətlərinə qarşı müvafiq tədbirlərin görüləcəyini qeyd edib.
Husilər isə Məkkə başda olmaqla Səudiyyə Ərəbistanındakı müqəddəs məkanların Yəmən ərazisindən gələn təhlükə ilə hədəfə alındığı barədə məlumatları təkzib ediblər.