İsrail ordusu ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi: Yeni hücum gözlənilir

İsrail ordusu ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi: Yeni hücum gözlənilir Dünya

İsrail hakimiyyəti İranın ballistik raket istehsalı imkanlarını sürətlə bərpa etməsindən narahatdır.

News24.az xəbər verir ki, bu barədə "CBS News" telekanalı mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, İsrail hakimiyyətini Tehranın hərbi və nüvə infrastrukturunu yeraltı obyektlərə köçürərək mümkün hücumlardan qorumaq istiqamətində atdığı addımlar da narahat edir.

Telekanalın həmsöhbətləri bildiriblər ki, İsrail Silahlı Qüvvələri İrana zərbələri bərpa etməyə hazırdır və ən yüksək döyüş hazırlığı vəziyyətindədir.

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ ilə birgə hərbi əməliyyata başlamaq istəyir. Lakin ABŞ Prezidenti Donald Trampın İrana zərbə endirməyi planlaşdırıb-planlaşdırmadığı hələlik məlum deyil. Tərəflər bu məsələ ilə bağlı məsləhətləşmələr aparırlar.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı müharibəyə başlayıblar. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar.

Lakin iyulun 8-nə keçən gecə ABŞ əldə olunmuş razılaşmanın Hörmüz boğazı ilə bağlı şərtlərinin pozulduğunu əsas gətirərək İrana genişmiqyaslı zərbələri bərpa edib.

Bundan sonra ABŞ administrasiyası faktiki olaraq İrana qarşı genişmiqyaslı hərbi güc tətbiqini dayandırdığını və sanksiyalar vasitəsilə ölkəyə iqtisadi təzyiq göstərməyə çalışdığını bəyan edib.