İnsanları kredit götürməyə vadar edən psixoloji səbəblər
Dünya
Bəzi insanlar aylıq ödəniş üçün maddi imkanları çatmadığı halda belə kredit götürərək bahalı əşyalar alırlar. Bunun səbəbi isə heç də həmişə pul çatışmazlığı deyil. Bəzən insanları belə alış-verişə tənhalıq, narahatlıq və başqalarından geri qalmaq qorxusu sövq edir.
News24.az xəbər verir ki, bu barədə psixoloq-psixoterapevt Dmitri Yevstiqneyev danışıb.
Mütəxəssisin sözlərinə görə, kreditlə nəsə almaq insana qısa müddətlik sevinc və rahatlıq verə bilər. Lakin sonradan borcunu ödəmək məcburiyyəti yenidən stress yaradır.
Beləliklə, insan problemlərini həll etmək əvəzinə, yeni alış-verişlə özünü müvəqqəti yaxşı hiss etməyə çalışır.
Psixoloq bildirib ki, bu davranışa sosial şəbəkələrdə başqalarının bahalı əşyalarını və səyahətlərini görmək də təsir edə bilər. İnsan özünü onlarla müqayisə edir və eyni həyat tərzinə sahib olmaq istəyir.
Bəzi hallarda isə bu istəyin kökündə uşaqlıqdan gələn maddi çətinliklər və yoxsulluğa görə utanmaq hissi dayanır. Yetkinlik yaşında həmin insanlar maddi vəziyyətləri yaxşı olmasa da, ətrafdakılara imkanlı görünməyə çalışırlar.
Mütəxəssis vurğulayıb ki, kreditlə davamlı alış-veriş etmək hər zaman maliyyə savadsızlığı ilə bağlı deyil. Bəzən insan emosiyalarının təsiri altında gələcəkdə yaranacaq borcları düşünmədən qərar verir.