İtaliyada yüzlərlə aviareys ləğv olundu
Dünya
İtaliyada idarəetmə mərkəzində yaranan problem ölkənin şimal-qərbindəki hava limanlarında yüzlərlə aviareysin ləğvinə səbəb olub.
News24.az publika.az-a istinadla xəbər verir ki, İtaliyanın hava nəqliyyatına cavabdeh olan “ENAV” şirkətinin Milandakı İdarəetmə Mərkəzinin məlumat ötürülməsi sistemindəki yavaşlama səbəbindən əməliyyatlar dayanıb. Milan, Berqamo, Turin və Genuya hava limanlarında ümumilikdə 320-dək təyyarənin qalxması və ya enişi dayandırılıb. Nəticədə hava limanlarında sərnişin sıxlığı yaranıb. Təyyarələrin bir çoxu paytaxt Romanın “Fiumicino” və “Ciampino” hava limanlarına yönləndirilib.
“ENAV” şirkətindən bildirilib ki, texniki-əməliyyat heyətinin vaxtında müdaxiləsi sayəsində problem həll olunub. Qısamüddətli fasilədən sonra ilk uçuşlar bərpa olunub. Ölkənin şimal-qərbində hava hərəkəti tam normal vəziyyətə qayıdıb.