Kallasdan Putin və Lavrovla bağlı açıqlama: “Danışacağam”
Dünya
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Rusiya Prezidenti Vladimir Putin və ya xarici işlər naziri Sergey Lavrovun ona zəng etməsi halında telefon danışığına hazır olduğunu bildirib.
News24.az xəbər verir ki, Kallas bu barədə Finlandiyanın "Yle" telekanalına müsahibəsində danışıb.
“Əlbəttə, belə bir imkan yaranarsa, danışacağam”, – deyə o qeyd edib.
Kallas Aİ-nin hazırda Rusiya ilə Ukrayna arasında tamhüquqlu vasitəçi kimi çıxış edə bilməyəcəyinə dair mövqeyini də təsdiqləyib. O bildirib ki, bunun səbəbi Avropa İttifaqının Ukraynanı dəstəkləməsidir.
Rusiya Prezidenti Vladimir Putin daha əvvəl Avropa ilə danışıqlara hazır olduqlarını dəfələrlə bildirib. Kremlin sözçüsü Dmitri Peskov isə Brüsselin Moskva ilə güc mövqeyindən və ya Rusiyanın zəifliyinə əsaslanaraq danışmağa çalışmasının səfehlik və ya səriştəsizlik olduğunu deyib.
Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik də Çinə işgüzar səfəri zamanı TASS-a açıqlamasında bildirib ki, Ukrayna ordusunun maliyyələşdirilməsinə və silahlandırılmasına vəsait ayıran Avropa ölkələrinin nümayəndələri Ukrayna üzrə danışıqlara yalnız onları pozmaq məqsədilə qatılmağa çalışırlar.