Köçəryan həbs edildi
Dünya
Ermənistanın ikinci prezidenti Robert Köçəryan iki ay müddətinə həbs edilib.
News24.az xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
Hazırda Köçəryan xəstəxanadadır.
O, uzun sürən məhkəmə iclasından sonra xəstəxanaya aparılıb.
Keçmiş prezidentin həbsi ilə bağlı vəsatətə təxminən yeddi saat baxılıb.
Onun oğlu, deputat Levon Köçəryanın sözlərinə görə, Robert Köçəryan yenidən xəstəxanaya aparıldıqdan sonra məhkəmə iclası vəkillərin iştirakı ilə davam etdirilib.
Qeyd edək ki, Robert Köçəryana "vəzifə səlahiyyətlərindən sui-istifadə", "xüsusilə külli miqdarda pul vəsaitlərinin yuyulması" və "xüsusilə külli miqdarda rüşvət alma" maddələri üzrə ittiham irəli sürülüb.
Xatırladaq ki, Robert Köçəryan iki gün əvvəl həbs edilib. Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsində onun səhhəti pisləşib və o, tibb müəssisəsinə yerləşdirilib. Komitədən bildirilib ki, Robert Köçəryan zəruri tibbi müayinələrdən keçdikdən sonra məhkəməyə aparılacaq.
Məlumat üçün bildirək ki, Nikol Paşinyan hüquq-mühafizə orqanlarının əməkdaşlarına Ermənistanın ikinci prezidenti Robert Köçəryan və üçüncü prezidenti Serj Sarkisyanın əmlaklarından məhrum edilməsi ilə bağlı göstəriş verib.