Köçəryan məhkəməyə gətirildi
Dünya
Həbsdə olan Ermənistanın keçmiş prezidenti Robert Köçəryan İrəvanda Korrupsiyaya Qarşı Məhkəmənin binasına gətirilib.
News24.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, Korrupsiyaya Qarşı Məhkəmədə 2008-ci il martın 1-də baş vermiş hadisələrlə bağlı cinayət işi üzrə növbəti məhkəmə iclası keçiriləcək.
Qeyd edək ki, Robert Köçəryan avqustun 27-də iki ay müddətinə həbs edilib.
Məlumat üçün bildirək ki, 2008-ci ilin fevralında keçirilən prezident seçkilərinin rəsmi nəticələri ilə razılaşmayan və ölkənin ilk prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi müxalifət Azadlıq meydanında müddətsiz dinc etiraz aksiyalarına başlayıb.
Martın 1-də səhər saatlarında polis çadırlardan ibarət düşərgəni zor tətbiq etməklə dağıdıb. Daha sonra nümayişçilərlə hüquq-mühafizə orqanlarının əməkdaşları və daxili qoşunlar arasında kütləvi toqquşmalar baş verib.
Hakimiyyət İrəvana ordu yeridib və şəhərdə fövqəladə vəziyyət elan edib.
Silah və xüsusi vasitələrdən istifadə nəticəsində 10 nəfər – 8 mülki şəxs və 2 polis əməkdaşı həlak olub, yüzlərlə insan yaralanıb.
Güc tətbiqi və konstitusiya quruluşunu devirmə cəhdləri ilə bağlı “1 mart işi” Ermənistanda əsas siyasi araşdırmalardan biri olaraq qalır.