Kolumbiyada supermarketdə girov həyəcanı: Prezident soyğunçulara səsləndi

Kolumbiyada supermarketdə girov həyəcanı: Prezident soyğunçulara səsləndi Dünya

Kolumbiyanın şimalındakı Kartagena şəhərində baş verən soyğunçuluq cəhdi zamanı supermarketdə girov götürülən 30 nəfərdən 10-u azad edilib.

News24.az xəbər verir ki, içəridə qalan girovların azad edilməsi üçün Prezident Abelardo de la Espriellanın quldurlarla birbaşa əlaqə saxladığı bildirilib.

Kolumbiya polisinin "X" hesabından yayılan məlumata görə, silahlı şəxslər yerli vaxtla saat 08:00-da La Castellana məhəlləsində yerləşən supermarketə basqın edərək 30 nəfəri girov götürüblər. Təhlükəsizlik qüvvələrinin ərazidəki əməliyyatları zamanı girovların 10-nun sərbəst buraxıldığı qeyd olunub.

Prezident De la Espriella və müdafiə naziri Xorxe Mora əməliyyatları yerində izləmək üçün Kartagenadakı Komandanlıq Mərkəzinə yollanıblar. Quldurlarla əlaqə saxlayan De la Espriella "X" səhifəsindəki açıqlamasında böhranın ticarət mərkəzində pul daşıyan nəqliyyat vasitəsinin soyulması cəhdindən qaynaqlandığını, qrupun məhz bu məqsədlə içəri girdiyini vurğulayıb.

Rəsmilərin içəridə qalan digər girovların sağ-salamat azad olunması istiqamətində danışıqlar və təhlükəsizlik tədbirlərini davam etdirdiyi bildirilib.