Kruiz gəmisindəki Türkiyə vətəndaşları ölkələrinə aparılacaqlar
Dünya
“Hantavirus” infeksiyasının yayıldığı “MV Hondius” kruiz gəmisində olan üç Türkiyə vətəndaşının mayın 10-da ölkəyə gətiriləcəyi və karantinə yerləşdiriləcəyi açıqlanıb.
News24.az xəbər verir ki, Türkiyə Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, həmin şəxslərdə hazırda hər hansı yoluxma simptomu qeydə alınmayıb. Bununla belə, ehtiyat tədbiri olaraq onlar Türkiyəyə çatdıqdan sonra karantinə yerləşdiriləcək və tibbi nəzarət altında olacaqlar.
Niderland Xarici İşlər Nazirliyinin daha əvvəl yaydığı açıqlamada qeyd olunub ki, hantavirusun yayılması səbəbindən “MV Hondius” gəmisində olan 40-a yaxın sərnişin Müqəddəs Yelena adasında gəmini tərk edib. Sərnişinlər arasında Böyük Britaniya, ABŞ, Almaniya, Kanada, Çili, Türkiyə və digər ölkələrin vətəndaşlarının olduğu bildirilib.
Rəsmi məlumata əsasən, gəmidə səkkiz nəfərdə hantavirus aşkarlanıb. Yoluxanlardan üçü, o cümlədən Niderland vətəndaşı olan bir turist həyatını itirib. Daha bir sərnişinin Yohannesburqdakı xəstəxanada ağır vəziyyətdə müalicə aldığı qeyd olunur.
Virusun daha geniş yayılmasının qarşısını almaq üçün sərnişinlərə kayutlarını tərk etməmək tapşırılıb.