Məşhur müğənninin evi qarət edildi - 500 min avro zərər
Dünya
Dünya şöhrətli italyan tenor Andrea Boçellinin ailəsinə məxsus villa qarət edilib.
News24.az xəbər verir ki, hadisə İtaliyanın Tirren dənizi sahilində, Toskana bölgəsindəki Forte-dey-Marmi kurort şəhərində baş verib.
Boçelliyə dəyən zərər 500 min avro dəyərində qiymətləndirilir. Hüquq-mühafizə orqanlarının ilkin məlumatına görə, oğurluq peşəkar cinayətkar dəstə tərəfindən həyata keçirilib.
Hadisə zamanı villada heç kim olmayıb.
Mülk sahibləri evi amerikalı turist ailəsinə kirayəyə veriblərmiş. Onlar isə oğurluq baş verən müddətdə evdə olmayıblar.
Cinayətkarlar villaya daxil olaraq zinət əşyalarını, bahalı qol saatlarını, məşhur brend çantaları, eləcə də, nağd pulları aparıblar.
Araşdırma zamanı polis müəyyən edib ki, villa mühafizə xidmətinə qoşulmayıb və oğurluq baş verən zaman siqnalizasiya sistemi söndürülüb.
Qeyd edilib ki, görmə qabiliyyəti olmayan müğənninin ailəsinin həmin ərazidə bir neçə daşınmaz əmlakı var.
Bu mülklərin bir hissəsi yay mövsümündə mütəmadi olaraq imkanlı turistlərə kirayəyə verilir. / Il Tirreno/