Nepal və Tibetdə itkin düşənlər arasında azərbaycanlılar var? - RƏSMİ

Nepal və Tibetdə itkin düşənlər arasında azərbaycanlılar var? - RƏSMİ Dünya

Nepal və Çinin Tibet bölgəsində baş verən dağıdıcı sel fəlakəti fonunda zərərçəkənlər arasında Azərbaycan vətəndaşlarının olub-olmaması məsələsinə aydınlıq gətirilib.

News24.az xəbər verir ki, Modern.az saytı bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) sorğu ünvanlayıb.

XİN-nin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə sorğuya cavab olaraq bildirib ki, təbii fəlakət nəticəsində Azərbaycan vətəndaşlarının xəsarət alması barədə hər hansı məlumat daxil olmayıb.

Məlumat üçün qeyd edək ki, Nepal və Çində baş verən dağıdıcı sel fəlakəti nəticəsində itkin düşənlərin sayı 1 500-ə yaxınlaşıb.

Çinin Tibet bölgəsində isə 558 nəfərin itkin düşdüyü açıqlanıb. Beləliklə, iki ölkə üzrə ümumilikdə təxminən 1 400-1 500 nəfərin taleyi məlum deyil.

Fəlakət Himalay dağlarında buzlaqın çökməsi nəticəsində güclü sel və palçıq axınının yaranması ilə başlayıb. Təbii fəlakət Nepal ilə Çin arasındakı mühüm nəqliyyat marşrutlarına, yaşayış məntəqələrinə və infrastruktura ciddi ziyan vurub.

Axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Çətin relyef, dağılan yollar və kommunikasiya problemləri xilasedicilərin işini çətinləşdirir. Rəsmi məlumatlara görə, ölənlərin sayı da artmaqda davam edir.