Özünü ölü kimi göstərib ayıdan xilas oldu - Film kimi hadisə
Dünya
Başqırdıstan sakini, meşə təsərrüfatı üzrə brigadir Mixail İvanov ayının hücumundan ölü kimi davranaraq sağ qurtulub.
News24.az xəbər verir ki, RİA Novosti-yə danışan İvanovun sözlərinə görə, hadisə bir neçə il əvvəl Zilairski rayonunda, kənddən təxminən bir kilometr aralıda yerləşən meşədə baş verib. Həmin vaxt o və həmkarları yıxılmış ağacları yoxlayırmışlar.
Meşənin dərinliyinə gedən iş yoldaşlarını səsləyən İvanovun qarşısına qəfil ayı çıxıb. Heyvan kolların arasından sıçrayaraq kişini yerə yıxıb.
İvanov bildirib ki, ayı onun üzünü dişləməyə çalışıb. O, heyvanın ağzından tutaraq güclü təpik vurub və bir müddət hücuma müqavimət göstərə bilib. Lakin ayı onun ayağından yapışdıqdan sonra kişi ölü kimi davranmağa qərar verib.
O, hərəkətsiz uzanıb, müqavimət göstərməyib. Nəticədə ayı bir müddət sonra geri çəkilib.
İvanovun sözlərinə görə, panikaya düşməməsi və qəfil hərəkətlər etməməsi onun sağ qalmasına kömək edib.
Sonradan məlum olub ki, polis hadisə yerində ayı balası tapıb. Ehtimal edilir ki, dişi ayı balasını qorumaq məqsədilə kişiyə hücum edib.